Azərbaycan dili

Azərbaycan dili xalqımızın kimliyini, düşüncə tərzini və mədəniyyətini ifadə edən ən dəyərli sərvətlərdən biridir. Bu nöqteyi-nəzərdən dilimizin qrammatikasını mənimsəməklə yanaşı, gündəlik həyatda danışıq tərzimizdə ədəbi dilin normalarından düzgün istifadə etməli və bacardıqca alınma sözlərdən deyil, milli sözlərimizdən yararlanmalıyıq.

   Hər bir millətin mənsubiyyəti deyildikdə ağla gələn ilk anlayışlardan biri həmin xalqın dilidir. Ata-babalarımızdan bizə əmanət qalan bu dili qorumaq və gələcək nəsillərə saf şəkildə ötürmək hər birimizin borcudur.

   Azərbaycan dili, ədəbiyyat fənninə nəzərən, daha çox praktiki yönümlü bir fəndir. Qaydaları bilmək qədər onları tətbiq etmək bacarığı da vacibdir. Lakin bəzi mövzular – məsələn, ədəbi dilin normaları – günümüz dərsliklərində səthi və qısa şəkildə təqdim olunduğundan, bu qaydaları tam şəkildə mənimsəmək real görünmür.

   Bu mənada kursumuzda bu kimi mövzulara xüsusi diqqət yetirilir. Dərslər zamanı görkəmli dilçi alimlərin – Qəzənfər Kazımov, Əbdüləzəl Dəmirçizadə və digər tədqiqatçıların – dərsliklərindən əlaqəli və müqayisəli şəkildə istifadə olunur. Bu yanaşma tələbələrə həm nəzəri bilikləri dərinləşdirməyə, həm də praktik tətbiqləri daha dolğun mənimsəməyə şərait yaradır.