“Qoca və dəniz” əsərinə fəlsəfi baxış

  Ernest Heminqueyin “Qoca və dəniz” əsəri sadəcə bir balıqçının okeandakı macərası deyil, insanın həyatla, təbiətlə və özü ilə mübarizəsinin dərin bir fəlsəfi simvoludur. Əsərdəki hadisələr insanlığın varoluşuna dair sualları oyadır, insan iradəsinin sərhədlərini göstərir və tənhalığın, səssizliyin içindəki gücü üzə çıxarır.

   Əsərdə ağ qaranquşun böyük okeanda yem axtarmağa çalışması mənə insan həyatının gündəlik mübarizəsini xatırlatdı. İnsanlar da bir parça çörək, bir az sevgi və bir qədər dəyər üçün fasiləsiz mübarizə aparırlar. Bu paralellik Hemingwayin əsərindəki hər detalın simvolik məna daşıdığını göstərir.

   Ən çox diqqətimi çəkən məqamlardan biri qocanın dilindən səslənən bu fikirdir: “Yaxşı ki insanlar ulduzları ovlamağa çalışmır.” Bu cümlə ilə müəllif, insanın toxunduğu hər şeyi məhv etməyə meylli olduğunu vurğulayır. İnsan öz maraqları uğruna təbiəti, bəzən də öz həmcinsini belə yox etməyə hazırdır. Qocanın dediyi kimi, “Biz insanlar qardaşlarımızı öldürürük və hər kəs hər kəsi bir səbəblə öldürür.”

   Qoca obrazı isə əsl mübarizə və təmkin simvoludur. O, nə qədər çətinliklərlə üzləşsə də, geri çəkilmir. Öz səhvlərini qəbul edir, lakin onlara ilişib qalmır. Silah gətirmədiyi üçün özünü günahlandırmır, əksinə əlindəkilərlə bacardığını etməyə çalışır. Bu, insanın sabaha inamla, ümidlə baxmağı bacarması deməkdir.

   Əsərdəki əsas mesaj budur: Həyat çətinliklərlə doludur, lakin bu çətinliklərə qarşı necə davrandığımız bizim kimliyimizi müəyyən edir. Qocanın dediyi kimi: “Axı bu həyatda asan nəsə var ki?”

   Əsərin sonunda Heminqueyin özü ilə bağlı düşündürücü bir məqam ortaya çıxır. Yazıçı əsərdə insanın çətinliklər qarşısında mübarizə aparmalı olduğunu, təslim olmamağın vacibliyini vurğulasa da, həyatının sonunda bu mübarizəni davam etdirə bilməmiş və intihar etmişdir. Bu, bir tərəfdən insan ruhunun necə mürəkkəb və ziddiyyətli olduğunu göstərir. Əslində, bu ziddiyyət Heminqueyin yaratdığı dünyaların necə real və insani olduğunu bir daha sübut edir.

   Qocanın – yəni Santiaqonun – həyatının geniş hissəsi təsvir olunmasa da, onun simasında, üz cizgilərində yaşanmışlıqdan çox yaşaya bilməmişliyin acısı oxunur. Elə bil, o, uzun ömrü boyu çox şey görüb, amma az şeyi həqiqətən yaşaya bilib. Həyatı boyu heç nəyə vaxtında çata bilməyib – daim ya gecikib, ya da tələsib. Onun həyatı sanki bir növ tələskən məhrumiyyətlərlə, gecikmiş arzularla dolu olub. Dənizin dalğaları kimi, həyat da onu gah ümidə, gah ümidsizliyə atıb. Qocanın baxışlarında dərin bir sükut var – bu, təslimiyyətin yox, həyatı dərk etməyin sükutudur. Sanki o, artıq anlayıb ki, insan həyatında bəzən qalib gəlmək deyil, davam gətirə bilmək özü bir qələbədir.


Müəllif: Günel Qəhrəmanova