"Qoca tarını çaldı"

   Bu hekayədə, İlyas Əfəndiyevin əksər əsərlərində olduğu kimi, müharibələrin insan talelərinə necə dağıdıcı təsir göstərdiyi böyük ustalıqla vurğulanır. Düşmənin bir gülləsi bir ailənin həyatını soldurur, arzuların yarımçıq qalmasına səbəb olur və bu dərin hüzün oxucuya sarsıdıcı şəkildə çatdırılır.

   Əsərdə Qoca, yəni Musa kişinin simasında biz həm övladını cəbhəyə göndərməyin qürurunu, həm də hər an ona nəsə ola biləcəyi qorxusunu, özünə belə etiraf etməkdən çəkinən valideynlərin ümumiləşmiş obrazını görürük.

   Hekayənin sonunda qızının şəhid olması xəbərini aldıqdan sonra, aylardır toxunmağa belə cəsarəti çatmadığı tarı — axı qızı onun tar çalmağını çox sevirdi — bağrına basıb, qızı üçün yenidən o gücü özündə taparaq tarda ifa etməsi insanın bəzən xatirələrə sığınaraq özündə güc tapdığını, amma bu gücün arxasında dərin bir acının olduğunu göstərir.

   Qocanın simasında biz təkcə bir atanın deyil, övladını itirmiş minlərlə valideynin ümumiləşmiş taleyini görürük. Onun tarı həm acının, həm də xatirənin səsi kimi səslənir.