Raskolnikov obrazının simasında Hüseyn Cavidin “İblis” əsərindəki məşhur monoloq sanki yenidən canlanır:
“İblis nədir? – Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir? – İblis!”
Cavidin səsləndirdiyi əsas fikir budur: insanı cinayətə, xəyanətə, günaha yönəldən xarici bir iblis deyil, insanın öz iç dünyasındakı qaranlıq başlanğıcdır. Hər bir insanın daxilində bir iblis yatır, sadəcə, onun üzə çıxması üçün müəyyən situasiya, təzyiq və ya səbəb lazımdır.
Dostoyevskinin “Cinayət və cəza” əsərində də eyni ideya özünü göstərir. Raskolnikov mərhəmətli, ədalətli və dürüst bir insandır. Lakin o, ədalətsiz bir dünyada yaşayır; kasıblıq, sosial bərabərsizlik və mənəvi pozğunluq onu ruhən sıxır. Bu zülmün içində o, “böyük ideya”sına inanaraq bir qətl törədir və belə düşünür ki, məqsəd vasitəni haqlı çıxara bilər.
Ancaq cinayət baş verdiyi andan etibarən Raskolnikovun içindəki vicdan susmur. O, həm özünü, həm cəmiyyəti, həm də Tanrını sorğuya çəkir. Və burda yaranır məşhur sual:
Günahkar kimdir? – Raskolnikovmu, yoxsa onu bu cinayətə sürükləyən cəmiyyətmi?
Dostoyevski Raskolnikovun faciəsini fərdi deyil, ictimai və mənəvi faciə kimi təqdim edir. İnsan öz daxilindəki iblislə üzləşmədikcə, onu idarə etmədikcə, hər bir şəraitdə “Raskolnikovlaşma” mümkündür.
Hüseyn Cavidin dediyi kimi, “iblis” kənarda deyil – insanın öz içindədir.